070 598 13 33info@meridiantax.azB.e.–Cümə 09:00–18:00

Məzuniyyət qrafiki 2027: necə tərtib olunur və niyə artıq vacibdir

Əmək Məcəlləsinə görə növbəlilik cədvəli: kimə neçə gün düşür, necə tərtib olunur və 2026-dan nə dəyişib. Nümunə ilə.

Araz Hüseynov · 08.11.2026

Hər il dekabr–yanvarda kadr işçisi və mühasibin masasına eyni sual gəlir: növbəti ilin məzuniyyət qrafikini necə tərtib etmək, kimə neçə gün düşür və qrafik ümumiyyətlə məcburidirmi? 2026-cı ildən bu sualın cavabı dəyişib: təsdiq olunmuş qrafik artıq işəgötürənin əlində hüquqi alətdir. Bu məqalədə qaydaları, günlərin hesablanmasını və nümunəni sadə dillə göstəririk.

Qısa cavab.
• Qanunda adı "məzuniyyətlərin növbəlilik cədvəli"dir. Hər il yanvarın sonunadək tərtib edilə bilər (ƏM 133.1).
• Həmkarlar ittifaqı varsa, onun rəyi, yoxdursa, işçinin rəyi öyrənilir; cədvəli işəgötürən təsdiq edir (ƏM 133.2).
• 2026-dan yeni: xəbərdarlıqdan sonra işçi cədvələ uyğun ərizə verməzsə, işəgötürən onu əmrlə məzuniyyətə göndərə bilər (ƏM 138.2-1).
• Məzuniyyət hissələrə bölünə bilər, amma hissələrdən biri ən azı 14 gün olmalıdır (ƏM 137.1).

Qrafik məcburidirmi?

Əmək Məcəlləsinin 133.1-ci maddəsi deyir ki, istehsalın normal gedişini təmin etmək və məzuniyyətlərin uçotunu düzgün aparmaq üçün növbəlilik cədvəli tərtib edilə bilər. Yəni birbaşa məcburiyyət yoxdur. Amma 30.12.2025 tarixli 332-VIIQD nömrəli Qanunla əlavə edilən 138.2-1-ci maddə vəziyyəti dəyişdi: işəgötürənin yazılı xəbərdarlığından sonra işçi növbəlilik cədvəlinə uyğun olaraq məzuniyyət ərizəsi verməzsə, işəgötürən onu əmrlə məzuniyyətə göndərə bilər. Bunun üçün isə təsdiq olunmuş cədvəl lazımdır.

Praktik nəticə: məzuniyyətini illərlə yığan işçilər, ilin sonunda bir neçə nəfərin eyni vaxtda məzuniyyətə çıxması və yoxlamada "istifadə edilməmiş məzuniyyət" sualları – qrafik bunların hamısının qarşısını alır.

Kimə neçə gün düşür?

Əsas məzuniyyət

  • 21 təqvim günü – ümumi qayda (ƏM 114).
  • 30 gün – ƏM 114.3-də sadalananlar: rəhbər və mütəxəssislər, həkimlər, kənd təsərrüfatı işçiləri və s.
  • 35 və 42 gün – 18 yaşınadək işçilər və əlilliyi olan işçilər (ƏM 119).
  • 46 gün – xüsusi xidmətləri olan işçilər (ƏM 120).
  • 42 və 56 gün – pedaqoji və elmi işçilər (ƏM 118); 35 və 42 gün – teatr-tamaşa müəssisələrinin işçiləri (ƏM 121).

Əlavə məzuniyyətlər

  • Staja görə (ƏM 116): 5–10 il – 2 gün, 10–15 il – 4 gün, 15 ildən çox – 6 gün. Staj yalnız həmin müəssisədə faktiki işlənmiş dövrdür.
  • Uşaqlara görə (ƏM 117): 14 yaşınadək 2 uşağı olan qadına – 2 gün; 3 və daha çox uşağı və ya əlilliyi olan uşağı olana – 5 gün. Uşaqlarını təkbaşına böyüdən atalara da şamil olunur.
  • Əmək şəraitinə görə (ƏM 115) – ən azı 6 gün, Nazirlər Kabinetinin siyahısı üzrə.
  • İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə – 5 gün (ƏM 118-1).

Diqqət: 118–121-ci maddələrdəki işçilərə (pedaqoji, gənc, xüsusi xidmətli, teatr) staja, əmək şəraitinə və uşaqlara görə əlavə məzuniyyət verilmir – onların əsas məzuniyyəti onsuz da uzundur (ƏM 116.3, 117.4).

Qrafiki tərtib edərkən 5 qayda

  1. İş ili təqvim ili deyil. İş ili işə qəbul günündən başlayır (ƏM 113.3). Staj da iş ilinin başladığı tarixə görə hesablanır.
  2. İlk il – 6 aydan sonra. Yeni işçiyə ilk iş ili üçün məzuniyyət 6 ay işlədikdən sonra verilir (ƏM 131.1); 131.4-də istisnalar var.
  3. Bir hissə ən azı 14 gün. Məzuniyyəti bölmək olar, amma hissələrdən biri iki təqvim həftəsindən az olmamalıdır (ƏM 137.1).
  4. Bayramlar uzadır. Məzuniyyətə düşən bayram və hüzn günləri ödənilmir və məzuniyyət onların sayı qədər uzadılır (ƏM 114.6). Qurban və Ramazan bayramı başqa bayramla üst-üstə düşəndə bir gün sayılır.
  5. Növbədənkənar hüquq. İki və daha çox uşağı olan qadınlar, əlilliyi olan şəxslər, müharibə veteranları, 18 yaşadək işçilər, işləyə-işləyə təhsil alanlar və bəzi digər işçilərə məzuniyyət onların arzusu ilə əlverişli vaxtda verilir (ƏM 133.3).

Nümunə

Baş mühasib, 01.03.2015-dən işləyir, kateqoriya – 30 gün.
01.03.2027-də staj 12 il → staja görə əlavə 4 gün.
Hüquq: 30 + 4 = 34 gün.
Plan: 12.07.2027-dən 21 gün (bitir 01.08, işə 02.08) + 20.12.2027-dən 13 gün.
İkinci hissəyə 31 dekabr, 1 və 2 yanvar bayramları düşür → məzuniyyət 3 gün uzanır, 04.01.2028-də bitir.
Hissələrdən biri (21 gün) 14 gündən çoxdur – qayda pozulmur.

Əmr və ödəniş müddətləri

Qrafikə uyğun məzuniyyət üçün də ayrıca əmr verilir: əmr məzuniyyətin başlanmasına ən azı 5 gün qalmış verilməli və işçi onunla tanış edilməlidir (ƏM 138.2). Məzuniyyət haqqı isə başlanmaya ən geci 3 gün qalmış ödənilir (ƏM 140.5). Məzuniyyət haqqının hesablanması üçün – məzuniyyət haqqı kalkulyatoru.

Nə etməli? 4 addım

  1. Bölmə rəhbərlərindən noyabr–dekabrda işçilərin istəklərini toplayın.
  2. Hər işçinin hüququnu hesablayın: kateqoriya + staj + uşaqlar + keçən ildən qalan günlər.
  3. Eyni bölmədən eyni vaxtda neçə nəfərin çıxa biləcəyini müəyyən edin və üst-üstə düşmələri düzəldin.
  4. Həmkarlar ittifaqının (yoxdursa, işçilərin) rəyini öyrənin, yanvarın sonunadək təsdiq edin və işçiləri imza ilə tanış edin.

Tez-tez verilən suallar

Qrafiki dəyişmək olarmı?
Bəli, işçi ilə razılaşdırılmaqla. Qrafik işəgötürən və işçi üçün plan sənədidir; dəyişiklik ayrıca əmrlə rəsmiləşdirilir.

Keçən ildən qalan günlər nə olur?
Onları da qrafikə daxil edin. 138.2-1-ci maddə məhz yığılan məzuniyyətlərin istifadəsinə kömək edir.

Yeni işə qəbul olunanı qrafikə salmaq lazımdır?
Bəli, məzuniyyət hüququnun yaranacağı tarixdən (6 ay) sonrakı dövrə planlayın.

Hazır Excel faylı. Bu məqalədəki bütün hesablamalar Məzuniyyət qrafiki 2027 faylında avtomatikdir – 5 ₼, birdəfəlik. Sualınız varsa, WhatsApp-a yazın.

Qanunvericilik: Azərbaycan Respublikasının Əmək Məcəlləsi, maddə 113.3 (iş ili), 114 (əsas məzuniyyət), 114.6 (bayram günləri), 115–118-1 (əlavə məzuniyyətlər), 119–121, 131 (məzuniyyət hüququ), 133 (növbəlilik cədvəli), 137.1 (hissələr), 138.2 və 138.2-1 (əmr), 140.5 (ödəniş müddəti); 30.12.2025 tarixli 332-VIIQD nömrəli Qanun.

Məqalə ümumi məlumat xarakteri daşıyır və hüquqi məsləhət deyil. Konkret hal üzrə mütəxəssislə məsləhətləşin.