İstifadə şərtləri (ictimai oferta)
Saytdan və saytda satılan rəqəmsal məhsullardan istifadə qaydaları.
Bu sənəd "MERİDİAN TAX PARTNERS" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – "Satıcı") tərəfindən meridiantax.az saytında (bundan sonra – "Sayt") göstərilən pulsuz xidmətlərdən və Saytda satılan rəqəmsal məhsullardan istifadə şərtlərini müəyyən edir və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və "Elektron ticarət haqqında" Qanuna uyğun olaraq ictimai oferta hesab olunur.
1. Ofertanın qəbulu
1.1. Sayta daxil olan və onun xidmətlərindən istifadə edən şəxs (bundan sonra – "İstifadəçi") bu şərtləri qəbul etmiş sayılır.
1.2. Rəqəmsal məhsulun alınması üçün oferta İstifadəçinin ödəniş formasında razılıq qutusunu işarələməsi və ödənişi etməsi ilə tam və qeyd-şərtsiz qəbul edilir (akseptə). Bu andan Satıcı ilə İstifadəçi arasında elektron formada alqı-satqı müqaviləsi bağlanmış hesab olunur.
1.3. Ödənişdən sonra İstifadəçinin e-poçtuna sifarişin təsdiqi (sifariş nömrəsi, məhsul, məbləğ, lisenziya kodu, kabinet linki və bu şərtlərə keçid) göndərilir. Şərtlərin hazırkı mətni Saytda daimi olaraq əlçatandır.
1.4. Rəqəmsal məhsullar yalnız 18 yaşına çatmış fəaliyyət qabiliyyətli şəxslərə və ya onların təmsil etdiyi hüquqi şəxslərə satılır.
2. Xidmətlərin və məhsulların təsviri
2.1. Pulsuz xidmətlər: onlayn kalkulyatorlar, e-qaimə şablonları, məqalələr, sənəd nümunələri, bəyannamə çeviricisi və digər materiallar heç bir ödəniş olmadan "olduğu kimi" təqdim olunur.
2.2. Ödənişli fayllar (bundan sonra – "Fayl"): Meridian Pro bölməsində satılan Excel faylları – muzdlu iş üzrə uçot faylı (tabel, əməkhaqqı cədvəli, vergi və sığorta haqlarının hesablanması və muzdlu iş üzrə vahid bəyannamə üçün məlumat bazası), iş vaxtının uçotu cədvəli (tabel), əmək haqqı və məzuniyyət haqqının hesablanması faylları, məzuniyyətlərin növbəlilik cədvəli (məzuniyyət qrafiki), əsas vəsaitlər və amortizasiya faylı, ezamiyyə xərcləri və avans hesabatı faylı, debitor borcları və üzləşmə aktı faylı, ödəmə mənbəyindən vergi bəyannaməsi faylı, sadələşdirilmiş vergi hesablayıcısı. Hər Fayl müvafiq təqvim ili üçün versiya kimi satılır (məsələn, "2026"). Hər Faylın tərkibi və qiyməti öz məhsul səhifəsində təsvir edilib.
2.3. Lisenziya kodu: alış zamanı İstifadəçinin göstərdiyi bir VÖEN-ə və Faylın ilinə bağlıdır, müddətsizdir. Kod bəyannamə çeviricisində yalnız həmin VÖEN üzrə formaların hazırlanmasına imkan verir.
2.3-1. Mühasib lisenziyası: eyni Fayldan 10 (on) VÖEN-ə qədər istifadə hüququ verir. Alış zamanı bir VÖEN göstərilir, qalan VÖEN-ləri İstifadəçi kabinetdə özü əlavə edir; hər əlavə edilən VÖEN üçün ayrıca lisenziya kodu yaranır. Əlavə edilmiş VÖEN dəyişdirilmir və silinmir. Mühasib lisenziyası İstifadəçinin xidmət göstərdiyi müəssisələrin uçotu üçündür; Faylın özü bu müəssisələrə və üçüncü şəxslərə ötürülmür.
2.3-2. Meridian Qaimə proqramı: e-taxes.gov.az portalından İstifadəçinin öz hesabındakı elektron qaimə-fakturaları və mal detallarını Excel-ə yükləyən Windows proqramı. Lisenziya ödəniş günündən 1 (bir) il müddətinə verilir: adi lisenziya alış zamanı göstərilən bir VÖEN üçün, mühasib lisenziyası isə 10 (on) VÖEN-ə qədər (VÖEN proqramda ilk istifadədə lisenziyaya əlavə olunur). Lisenziya müddətində proqramın yeniləmələri pulsuzdur. Müddət bitdikdən sonra yeni yükləmə dayanır, əvvəl hazırlanmış Excel faylları İstifadəçidə qalır. Proqram Dövlət Vergi Xidmətinin rəsmi məhsulu deyil; məlumatların mənbəyi e-taxes portalıdır və portalın işində fasilə və ya dəyişiklik olduqda Satıcı proqramı ağlabatan müddətdə uyğunlaşdırır.
2.4. Yeniləmələr: həmin təqvim ili ərzində qanunvericilik və ya vergi formaları dəyişdikdə Satıcı Faylın yenilənmiş versiyasını İstifadəçinin kabinetində pulsuz yerləşdirir. Növbəti ilin versiyası ayrıca məhsuldur, məhsul səhifəsində başqa hal göstərilməyibsə (məsələn, tabel faylında 2027-ci il təqviminin pulsuz yenilənməsi).
2.5. Satıcı məhsulun əsas funksiyalarını saxlamaq şərti ilə Faylın və çeviricinin görünüşünü və işləmə qaydasını təkmilləşdirmək hüququnu özündə saxlayır.
3. Qiymət və ödəniş
3.1. Qiymətlər məhsul səhifəsində Azərbaycan manatı ilə göstərilir və yekundur. Satıcı ƏDV ödəyicisi deyil.
3.2. Ödəniş ödəniş xidməti təchizatçısı Epoint vasitəsilə Visa, Mastercard kartları və mövcud olduqda Apple Pay, Google Pay ilə aparılır. Kart məlumatları Saytda daxil edilmir və saxlanılmır.
3.3. Ödəniş birdəfəlikdir; abunə və avtomatik ödəniş yoxdur.
3.4. Satıcı qiymətləri dəyişə bilər. Yeni qiymət yalnız dəyişiklikdən sonra edilən alışlara tətbiq olunur. 31.12.2026-dək göstərilən qiymətlər açılış qiymətləridir; 01.01.2027 saat 00:00-dan (Bakı vaxtı) məhsul səhifəsində "1 yanvar 2027-dən" kimi göstərilən qiymətlər tətbiq edilir. Bu tarixdən əvvəl yaradılmış sifariş açılış qiyməti ilə ödənilə bilər.
4. Çatdırılma və imtina hüququ
4.1. Ödəniş təsdiq olunduqdan dərhal sonra Fayl İstifadəçinin kabinetində yükləmə üçün açılır, lisenziya kodu və kabinet linki ödəniş nəticəsi səhifəsində göstərilir və e-poçtla göndərilir.
4.2. İstifadəçi ödənişdən əvvəl açıq razılıq verir ki, rəqəmsal məzmun ödənişdən dərhal sonra təqdim edilsin.
4.3. "Elektron ticarət haqqında" Qanuna uyğun olaraq İstifadəçi 7 iş günü ərzində müqavilədən imtina edə bilər. Fayl yükləndikdən sonra rəqəmsal məzmunun çatdırılması başlanmış sayılır və imtina hüququ tətbiq olunmur.
4.4. Pulun qaytarılması qaydası Pul qaytarma qaydasında müəyyən edilib və bu şərtlərin ayrılmaz hissəsidir.
5. İstifadəçinin öhdəlikləri
5.1. Alış zamanı düzgün məlumat, o cümlədən düzgün VÖEN vermək; e-poçtuna, kabinet linkinə və lisenziya koduna girişi üçüncü şəxslərdən qorumaq.
5.2. Faylı və lisenziya kodunu yalnız lisenziyanın bağlandığı VÖEN (mühasib lisenziyasında – kabinetdə əlavə edilmiş VÖEN-lər) üzrə uçot üçün istifadə etmək, başqalarına verməmək.
5.3. Saytdan qanuna zidd məqsədlə istifadə etməmək, Sayta kütləvi avtomatik sorğular göndərməmək, onun işini pozmağa və ya mühafizə vasitələrindən yan keçməyə cəhd etməmək.
6. Əqli mülkiyyət və lisenziya
6.1. Saytdakı mətnlər, alətlər, Fayl, şablonlar, hesablama alqoritmləri, dizayn və loqo Satıcıya məxsusdur və müəllif hüququ ilə qorunur.
6.2. Alışla İstifadəçiyə Fayldan lisenziyanın bağlandığı VÖEN (mühasib lisenziyasında – 10 VÖEN-ə qədər) üzrə uçot və hesabat məqsədilə istifadə üçün qeyri-müstəsna, başqasına verilməyən hüquq verilir.
6.3. Faylı və ya lisenziya kodunu satmaq, yaymaq, başqa saytda, kanalda və ya qrupda yerləşdirmək, Faylın strukturunu öz məhsulu kimi təqdim etmək qadağandır.
7. Məlumat xarakteri və məsuliyyətin məhdudlaşdırılması
7.1. Saytdakı materiallar, Fayl və çevirici ümumi məlumat və hesablama aləti xarakteri daşıyır və konkret hal üzrə hüquqi, vergi və ya maliyyə məsləhəti deyil. Hesablamalar İstifadəçinin daxil etdiyi məlumatlara əsaslanır.
7.2. Bəyannamə və digər sənədlərin təqdim edilməsi, onların düzgünlüyü və nəticələrin tətbiqi İstifadəçinin öz məsuliyyətidir. İstifadəçi qüvvədə olan qanunvericiliyi, vergi orqanının rəsmi formalarını və izahlarını özü yoxlamalıdır.
7.3. Satıcı Saytın və çeviricinin fasiləsiz və xətasız işləyəcəyinə zəmanət vermir. İnternet, server, ödəniş xidməti təchizatçısı, e-poçt xidməti, vergi orqanının portalı və digər üçüncü tərəflərin fəaliyyətindəki nasazlıqlara, habelə fors-major hallarına görə məsuliyyət daşımır.
7.4. Qanunvericiliyin icazə verdiyi həddə Satıcının bu müqavilə üzrə ümumi məsuliyyəti İstifadəçinin həmin məhsul üçün ödədiyi məbləğlə məhdudlaşır. Satıcı əldən çıxmış fayda, dolayı zərər, maliyyə sanksiyası, faiz və ya üçüncü şəxslərin tələbləri üçün məsuliyyət daşımır. Bu məhdudiyyət qəsdən vurulmuş zərərə şamil edilmir.
8. Lisenziyanın ləğvi
8.1. İstifadəçi bu şərtləri, xüsusilə 5-ci və 6-cı bəndləri pozduqda Satıcı lisenziya kodunu ləğv edə və kabinetə girişi bağlaya bilər. Bu halda ödənilmiş məbləğ qaytarılmır.
8.2. Ödəniş geri qaytarıldıqda lisenziya kodu ləğv olunur və kabinetə giriş bağlanır.
9. Fərdi məlumatlar
İstifadəçinin fərdi məlumatları Məxfilik siyasətinə və "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun emal olunur. Bəyannamə çeviricisi uçot faylını İstifadəçinin brauzerində işləyir; faylın məzmunu Satıcıya ötürülmür.
10. Şərtlərin dəyişdirilməsi
Satıcı bu şərtləri dəyişə bilər. Yeni mətn Saytda dərc edildiyi tarixdən qüvvəyə minir və dəyişiklikdən sonra edilən alışlara tətbiq olunur.
11. Mübahisələrin həlli
11.1. Tərəflər mübahisəni əvvəlcə danışıqlar yolu ilə həll edirlər. İstifadəçi pretenziyanı info@meridiantax.az ünvanına yazılı göndərir, Satıcı 15 gün ərzində cavab verir.
11.2. Razılıq əldə olunmadıqda mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının məhkəmələrində baxılır. Bu müqaviləyə Azərbaycan Respublikasının hüququ tətbiq olunur.
12. Satıcının rekvizitləri
"MERİDİAN TAX PARTNERS" Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 2009961471 · ƏDV ödəyicisi deyil
Hüquqi ünvan: AZ1027, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 72, mənzil 19
Faktiki ünvanlar: 1) Amay Biznes Mərkəzi, 7-ci mərtəbə, 13-cü otaq, Bakı; 2) Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 72
Qanuni təmsilçi: Hüseynov Araz Knyaz oğlu
Telefon: 070 598 13 33, 051 528 13 33 · E-poçt: info@meridiantax.az
İş vaxtı: bazar ertəsi–cümə, 09:00–18:00
Qüvvəyə minmə tarixi: 06.11.2026